Qurbanı qəbul olanların fəxarət və fərəh bayramı... | Video+Fotolar

   Qurbanı qəbul olanların fəxarət və fərəh bayramı...    | Video+Fotolar
  20 İyun 2024    Oxunub:1150
Cəlal Qurbanov: “Ən böyük qurban payını Vətənə edən cənnət ordumuzun bizə əmanət ailələrini həyata keçirilən belə tədbirlərlə az da olsa, sevindirə biliriksə, nə xoş bizə”

Zəfərimizdən keçən müddət ərzində 3 mindən çox şəhid əmanətini müxtəlif özəl və gözəl günlərdə cəm edən “Fire Land Group” - “Mənim oğlum qəhrəmandır” komandası tarixi zəfər yolumuzun ən uca rütbəsini daşıyan şəhidlərimizin analarını, atalarını, sağlamlığını qurban edən qazilərimizi müqəddəs gündə - Qurban bayramında bir yerə toplayıb.
Şəhidlik pəncərəsindən görünənlərə şahidlik edənlərin, Vətənə can qurban edən şəhid ailələrinin, biz Qarabağı görək deyə gözlərindən, ora ayaq basaq deyə ayaqlarından keçən qazilərimizin qarşısındakı vəfa borcunun, mənəvi yükün, müqəddəs və kövrək hislərin adıdır “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri.


Onların üzündə yaranan kiçik sevincdən stimul alaraq 4 ilə yaxın müddəti “Şuşa Dövlət Qoruğunda”, “Yanardağ”da, “Dreamland” də, İçərişəhərdə, Şahdağda 40-dan artıq tədbirlə elə örnək ömrün sahibləri ilə qət edən “Mənim oğlum qəhrəmandır” komandası rəsmi və ictimai qonaqları, incəsənət xadimlərini bir daha masa ətrafına topladı.



Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə olan özəl diqqət və qayğısından, Vitse-prezident, birinci xanım Mehriban Əliyevanın dəstəyindən öz nəsibini götürərək cəmiyyətin həssas təbəqələrinin cəm edildiyi layihə şəhidlərimizin 1 dəqiqəlik sükutu, sonsuz qürur hissi və “Şuşam” xorunun Dövlət Himni ilə açıq elan edildi.


Tədbirin aparıcılığını öz üzərinə götürən tanınmış aparıcı Lalə Azərtaş dövlət başçımıza, ixtisasından, peşəsindən, sahəsindən asılı olmayaraq eyni amal üçün həmrəylik göstərənlərə təşəkkür etdi.

Milli birliyimiz üçün hamının Vətən deyə səsləndirdiyi, Cəlal Qurbanov və Rauf Məmmədov bəstəsi “Yaşa, yaşa, Azərbaycan” nəğməsi tədbirə ayrı bir coşğu qatdı.


Ağarmış saçlar, igidləri yetişdirərkən çəkilən zəhmətin qabarı, övlad yerinə bağra basılmış şəklin mənzərəsində fədakar analar vardı. Milyon kəlmə tökülsə, ağaran saçlarından öpülsə, o hisləri anladacaq kəlmələr yetməzkən, şəhid analarının tacı, əfsanəyə dönən generalımız Polad Həşimovun anası Səmayə ana, Birinci Qarabağ müharibəsində 2 övladını – Azər və Natiq Novruzovları qurban vermiş Lətifə ana, Antiterror əməliyyatlarının şəhidi Rasim Məmmədovun anası Xuraman ana bütün anaların adından çıxış edərək belə tədbirlərdə fəxrlə fərəhin kövrək duyğularla qarışdığını dilə gətirdi.


Səmayə Həşimova: “Bir çiçəklə yaz olmaz, deyirlər. Şəhidlər bu torpağın çiçəyidir. Qarabağımıza yazı gətirən çiçəklər”.


Tədbirin təşkilatçısı, “Fire Land Group”un rəhbəri, AYB-nin üzvü, nəğməkar şair Cəlal Qurbanov dövlətimizin, dövlət başçımızın daim nəzərində, nəzarətində olan, bütün ehtiyacları qarşılanan şəhid ailələrinə mənəvi dəstəyin, sevgi və hörmətlə əhatələnmənin önəmini vurğuladı.


“Can veriləcək qədər qiymətli olan şəhidliyin əmanətlərinə xidmət edəcək qədər sonsuz mənəvi borcun qarşılığı yoxdur. O qəhrəmanların fədakarlığıdır ki, bu gün qonaqlarımız Qarabağda qarşılanır, mühüm tədbirlərə ev sahibliyini məhz Qarabağ edir. Düşmənə sipər, çəpər oğullar həm də Qarabağda səslənən azanların, kəsilən qurbanların, Xocalıda yarım qalan toyun yenidən sədalanmasının səbəbkarıdır. Ən böyük qurban payını vətənə edən cənnət ordumuzun bizə əmanət ailələrini həyata keçirilən belə tədbirlərlə az da olsa, sevindirə biliriksə, nə xoş bizə”.


Musiqiləri ilə düşmənə meydan, ifaları ilə isə şəhid analarının qəlbindən oxuyan Mənsum İbrahimov, İlqar Muradov, Təyyar Bayramov, Səkinə İsmayılova, Nazpəri Dostəliyeva, Rəşad İlyasov, Fərqanə Qasımova, Abbas Bağırov, Mətanət İsgəndərli, Eyyub Yaqubov kimi incəsənət xadimlərinin çıxışı tədbirə rəng qatdı. Tədbirdə iştirakı ilə şəhid analarına və qazilərimizə öz dəstəyini nümayiş etdirən Səyavuş Kərimi, Afaq Bəşirqızı Firəngiz Mütəllimova, həmçinin milli məclisin üzvləri Arzu Nağıyev, Aydın Mirzəzadə, İlham Məmmədov, Suraxanı rayon icra başçısı Əziz Əzizov isə həm millətimizin, həm də dövlətimizin hər zaman həm şəhidinin, qazisinin, həm də onların bizə əmanət olan ailə üzvlərinin yanında olduğunu vurğuladılar.


Aydın Mirzəzadə: “Bizim mövqeyimiz qələbə mövqeyidir. Bu gün işğaldan deyil, azadlıqdan, Qarabağımızdakı quruculuqdan danışırıqsa, bunu şəhidlərimizə, qazilərimizə, milli ordumuza borcluyuq. Ona görə də sizlər hər zaman bütün məclislərdə başda əyləşəcəksiniz”.


“Mənim oğlum qəhrəmandır” çətiri altında toplanmaq növbəti layihə, növbəti tədbir yox, xalq, millət, dövlət həmrəyliyinin növbəti bariz nümunəsi oldu.


Teqlər: Şəhidlərimiz  





Xəbər lenti